AzTU-da “HUB 1887: İnkubasiya və Akselerasiya Mərkəzi” fəaliyyətə başlayacaq

AzTU-da “HUB 1887: İnkubasiya və Akselerasiya Mərkəzi” fəaliyyətə başlayacaq

Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə birgə #HərZamanTəhsil həştəqi ilə start verdiyi yeni layihəyə qoşulan ilk universitet Azərbaycan Texniki Universiteti (AzTU) olub.

Universitet üçün xüsusi əhəmiyyət kəsb edən layihə AzTU-nun sosial şəbəkə hesabında #HərZamanTəhsil həştəqi ilə paylaşılıb.

Qeyd olunub ki, yeni tədris ilində AzTU-da “HUB 1887: İnkubasiya və Akselerasiya Mərkəzi” fəaliyyətə başlayacaq. 5 mərtəbədən ibarət olacaq mərkəzdə universitetin müəllim və tələbələri ilə yanaşı digər şəxslərin də startap və innovasiya yönümlü ideyalarının dəstəklənməsi nəzərdə tutulur.
Startaplar elektronika, radiotexnika, mexatronika və robototexnika, biotexnika, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində avtomatika və İT həllərin işlənməsi üzrə olacaq.

Mərkəzin 1-ci mərtəbəsi inkubasiya, 2, 3 və 5-ci mərtəbələri inkubasiya mərhələsindən çıxmış startaplar üçün akselerasiya məqsədli olacaq. 4-cü mərtəbədə isə AzTU tələbələrinin elmi tədqiqat, fərdi inkişaf və təlim xarakterli yaradıcılıq mərkəzi yerləşəcək.

Mərkəzə müraciət üçün AzTU-nun saytında xüsusi bölmə yaradılacaq.

Universitetin paylaşımında mərkəzin inkubasiya hissəsinin nəzərdə tutulan planının fotosu da təqdim olunub.

Qeyd edək ki, estafet Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) ötürülüb.


Xatırladaq ki, layihəyə əsasən, hər bir universitet yeni tədris ili ərzində həyata keçirəcəkləri mühüm işləri (universitetin həyatında xüsusi əhəmiyyət kəsb edən layihələr) #HərZamanTəhsil həştəqi ilə sosial şəbəkə hesablarında paylaşmalı və estafeti digər ali təhsil müəssisəsinə ötürməlidir.  

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *