De Byazi: İlk növbədə mentalitet dəyişdirməlidi

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin startında sabah Lüksemburqla keçiriləcək oyunöncəsi mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan mətbuat konfransında ilk dəfə yerli media önünə çıxan italiyalı mütəxəssis əvvəlcə bu fikirləri səsləndirib:

— Uzun müddət futboldan kənarda olsam da, bu sarıdan problem yoxdur. Çoxdan futbolsuz olmağıma baxmayaraq, qayıdan kimi, bütün gücümlə çalışmağa başlamışam. Futbol üçün çox darıxıram. Azərbaycan millisi mənim üçün yeni çağırış, stimuldur. Dekabrda A seriyasının bir klubunun təklifini rədd etdim. Azərbaycan yığması variantı daha maraqlı oldu. Burada böyük nailiyyətə imza atmaq istəyirəm. Futbolçular da futbolsuz qalanda onlarda problem yaranır. Əminəm ki, siz də darıxmısınız. Arzu edirəm ki, bu qəribə vəziyyət tezliklə bitsin. 

— Hələ rəsmi müqavilə imzalamazdan əvvəl qeyd etmişdiniz ki, Azərbaycan millisinin oyunlarını izləmisiniz. Artıq bir həftədir oyunçulara hazırlıq keçirsiniz. Gözləntiləriniz qarşılandı?
— Deyə bilmərəm ki, birlikdə çox müddət işləmişik. Bütün yığmalar kimi, normal ritmdə çalışmışıq. 26 gün əvvəl Bakıya gəlmişik, köməkçilərimlə gündə 18 saat işləmişik. Futbolçuları, mentaliteti, buranın insanlarını tanımağa çalışmışıq. Bu müddətdə 12 məşqimiz olub. Bu gün də olacaq. Futbolçulara inandırmağa çalışmışıq və başa salmaq istəmişik ki, həyatda nəyəsə nail olmaq üçün çox çalışmaq lazımdır.

— Lüksemburq yığması heç də pis təsir bağışlamır. Rəqibi sürpriz edəcək, yoxsa inkişafda olan komanda kimi dəyərləndirərdiniz? 

— Qrupda reytinqə görə 4-cü komandayıq. Lüksemburq inkişaf edib. Amma bizim də yaxşı xüsusiyyətlərimiz var. Sabah uğurlu nəticə üçün çalışacağıq.

— Dəvət etdiyiniz oyunçular arasında klubsuz olanlar var. Onlar milliyə nə kimi kömək edə bilərlər?

— Köməkçilərimlə artıq 2 aydan çoxdur ki, Azərbaycan millisinin bütün oyunçularını təhlik edirik, böyük skaut işi görmüşük. Kimin oynayıb-oynamaması məni maraqlandırmır. Mənə lazımdır ki, futbolçuların nəyə nail olmaq istədiklərini, istəklərini görə bilim.

— Maraqlıdır, Elvin Bədəlovu harada görüb bəyənmisiniz?

— «Sumqayıt» — «Keşlə» oyununda. Hansında ki, 0:1 hesabı qeydə alındı. 

— Yığmada çalışan məşqçilər indiyə kimi özlərini ictimaiyyətə sevdirə bilməyiblər. Özünüzdən əvvəlki məşqçiləri, onların səhvlərini təhlil etmisiniz?

— Gəlməzdən əvvəl bütün oyunlara baxmışam. Özüm üçün bəzi ideyalarım var. Əfsuslar olsun ki, vaxtımız azdır. İlk növbədə sabahkı görüşdə nəticə önəmlidir. Yoldaşlıq görüşləri keçirmək istərdik. Amma situasiyaya görə mümkün olmadı. İstənilən halda, sabahkı matçı hazırıq. İnsan özünü yalnız qələbə qazananda sevdirə bilər. Bunun üçün ilk növbədə güclü komanda yaratmalıyıq. O komanda meydanda bir-birinə ürəyini verməyə, yoldaşına görə ölməyə hazırdır. Məqsədimiz qrupda ilk yeri tutmaqdır. Baxmayaraq ki, rəqiblərlə müqayisədə reytinqdə 4-cüyük.

— Bir müddətdir milliyə məşq keçirsiniz. Konkret 3 məqamı çəkə bilərsinizmi ki, onları düzəltmək lazımdır?

— İlk növbədə mentalitet. Detallara çox girmirəm, amma taktiki baxımdan irəliləyiş olmalıdır. Həmçinin həyatda bir şeyi başa düşmək lazımdır ki, çalışsan, istədiyinə nail ola biləcəksən.

— Azərbaycanlı futbolçunun ən böyük çatışmazlığı bir həftədə 2 oyun keçirə bilməməsidir. İdeyalarınıza bu problemin düzəlməsi daxildir?

— UEFA-dan xahiş edəcəyik ki, formatı dəyişsin (gülür). Təbii ki, bu, bir zarafatdlı. Nəyi nəzərdə tutduğunuzu başa düşürəm. Mənə görə əsas problem mentalitetlə bağlıdır. Bütün dünya bu formatla oynayır. Bu üzdən problem bizdədir, biz dəyişməliyik. Qarşıya böyük məqsəd qoysaq, bunu bacaracağıq. Amma bir vacib məqamı nəzərə almalıyam. İlk oyunda qələbə qazansaq, psixoloji baxımdan özümüzə gəlməyə daha tez vaxtımız olar.  Sport24.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *