Ağaxan Salmanov dünyasını dəyişdi

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir.

Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası Ağaxan Əli oğlu Salmanlı 2020-ci il fevral ayının 29-da ömrünün 78-ci ilində vəfat etmişdir.

Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabrın 29-da Suraxanıda anadan olmuşdur. Aktyor kimi ilk addımlarını Suraxanıda fəhlə gənclər dram dərnəyində atan A.Salmanlı 1964-cü ildə Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunu bitirmişdir. Həmin il oktyabr ayının 1-dən Gənc Tamaşaçılar Teatrında peşəkar səhnə fəaliyyətinə başlamışdır. İlk rolu Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında hazırlanan tamaşada Cəfər Cabbarlı obrazı olmuşdur.

O, teatrda Romeo, Bekingem (“Romeo və Cülyetta”, “III Riçard” V.Şekspir), Dinar (“Yadındamı?” A.Məmmədov), Səməd (“Sən nə üçün yaşayırsan?” İ.Qasımov, H.Seyidbəyli), Kazım, Qulam, Zülfəli (“Məhəbbət bir bəladır”, “Pul dəlisi”, “Açarını itirənlər”Ə.Orucoğlu), Artur (“Ovod”  E.Voyniç), Hacı Murad (“Tamahkar” S.S.Axundov), Kərbəlayi Mirzalı (“Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə), Flibert (“Məzəli hadisə” K.Qoldoni), Molla Nəsrəddin (“Molla Nəsrəddin və Əmir Teymurun filləri” Əjdər Ol), Milisoner Səfər (“Buzovna kəndinin əhvalatları” Elçin), Dədə Qorqud (“Şahzadə Xəzərin nağılı” K.Ağabalayev, N.Kazımov) və s. yaddaqalan obrazlar yaratmışdır.

A.Salmanlı “Dovşanın ad günü” (X.Əlibəyli), “Qarışqa şıllaq atdı”  (Q.İlkin), “Pul dəlisi”, “Məhəbbət bir bəladır”, “Nənənin kələyi” (Ə.Orucoğlu), “O da mənəm, bu da” (D.Mehdi), “Bala bəla sözündəndir”,  “Arvad olmaq istəmirəm” (Ə.Əmirli), “Məzəli hadisə” (K.Qoldoni), “Tıq-tıq xanım” (A.Şaiq) və s. tamaşalara quruluş vermişdir.

A.Salmanlı 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2016-cı ildən Prezidentin fərdi təqaüdçüsüdür.

Unudulmaz aktyor Ağaxan Salmanlı Azərbaycan teatr sənətinin əvəzolunmaz sənətkarlardan biri idi. Amansız ölüm istedadlı aktyoru  aramızdan apardı.

Zaman keçəcək, lakin onun təbiiliyi, həyatiliyi, emosional təsiri, dərin psixoloji yozumu ilə seçilən obrazları gözəl sənət nümunələri kimi yaddaşlarda yaşayacaqdır.

Ağaxan Salmanlının əziz xatirəsi onu tanıyanların və sevənlərin qəlbində  qalacaqdır.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Azərbyacan Teatr Xadimləri İttifaqı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *