Fəridə Məmmədova: “Atamın dəstəyini indi də hiss edirəm”

Fəridə Məmmədova: “Atamın dəstəyini indi də hiss edirəm”


Bu günlərdə İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 75 illiyi qeyd olunur. Azərbaycan xalqının faşizm üzərində qələbənin təmin edilməsində böyük xidmətləri olmuşdur. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmiş və onlardan 300 mindən çoxu geri dönməmişdir. Qəhrəmanlıq göstərən oğul və qızlarımızın xatirəsi hər zaman hörmətlə yad olunur.
Belə qəhrəmanlardan biri də Məmməd Sultanovdur. Qələbənin 75 illiyi münasibəti ilə Məmməd Sultanovun qızı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi, texnika elmləri namizədi, dosent Fəridə Məmmədova ilə görüşüb atasının keçdiyi ömür yoluna nəzər saldıq. Qeyd edək ki, Fəridə xanımın atası Məmməd Sultanov İkinci Dünya Müharibəsinin iştirakçısı olmaqla yanaşı, həm də dövrünün neft sahəsində tanınmış, ixtiraçı-alimi olub.
Beləliklə, müsahibimiz İkinci Dünya Müharibəsinin iştirakçısı, Bakıdan Berlinə qədər döyüş yolu keçmiş Məmməd Sultanovun qızı Fəridə Məmmədovadır:

  • Fəridə xanım, atanız neçənci ildə anadan olub?
  • Atam Sultanov Məmməd Xəlil oğlu 1919-cu il iyunun 22-də Bakı şəhərində anadan olub. Atam həm də Azərbaycan Cümhuriyyəti doğumlusudur. Həmin dövr Cümhuriyyət bir yaşını keçmişdi, daxili və xarici əlaqələrini inkişaf etdirmək üçün var gücü ilə çalışırdı. Təəssüf ki, sonradan Cümhuriyyət süquta uğradı.
    Atam orta məktəbi bitirib 1937-ci ildə o vaxtkı Azərbaycan Sənaye İnstitutuna qəbul olunur. Həmin dövrün çox qaranlıq və ağır bir dövr olmağına baxmayaraq atam təhsilinə ara vermədən əzmlə çalışıb.
    İnstitutun 4-cü kursunda olarkən onu müharibəyə aparıblar. Əvvəldən axıra kimi müharibədə iştirak edib. Bir dəfə ağır yaralanıb. Sağaldıqdan sonra yenidən cəbhəyə qayıdıb. Döyüşlərdə fərqləndiyinə görə 1945-ci ildə Almaniya üzərində qələbə medalı ilə təltif olunmuşdu. Müharibə bitir, üzərindən bir il də keçəndən sonra 1946-cı ildə qayıdıb təhsilini davam etdirir. Neft və qazçıxarma üzrə kəşfiyyat mühəndisi ixtisasına yiyələnir.
  • Müharibədən nəsə danışırdımı?
  • Bilirsiz, onun xoşu gəlmirdi ki, müharibə haqqında nəsə danışsın. Müharibədə düz Berlinəcən getmişdi, təbii ki, bir çox maraqlı xatirələri ola bilərdi. Ancaq bir kəlmə də olsa danışmazdı. Dediyim kimi, xoşu gəlmirdi. Təbii ki, müharibənin acı üzü çox olardı, bəlkə də o acıları bir daha yaşamamaq üçün danışıb, yada salmırdı. Bir onu bilirdik ki, müharibədə olarkən ştab rəisinin köməkçisi vəzifəsində işləyib.
    Müharibədən qayıdıb institutu bitirdikdən sonra o vaxtlar Təhlükəsizlik Texnikası İnstitutu vardı, orada işə düzəldi. Orada işləyə-işləyə, həm də “AZİ”-də dərs deyirdi. İşlədiyi müddətdə neftçıxarmada texniki təhlükəsizliyə aid on iki kitab yazmışdı. Artıq müdafiə işi də hazır idi, ancaq ömür macal vermədi deyə müdafiə edə bilmədi. Neftçıxarmaya aid maraqlı elmi əsər yazmışdı. Onun dissertasiya işini, kitablarını və şəkillərini xatirə üçün saxlamışam.
  • Hansı ixtiraları vardı?
  • Atam əməkdar ixtiraçı olub, bir çox ixtiraları var. Təəssüf ki, ixtiralarının adları yadımda qalmayıb.
  • Fəridə xanım, bir az iş fəaliyyətindən də danışardınız.
  • Təhlükəsizlik Texnikası İnstitutununda işlədiyi vaxt onu Ümumittifaq İxtiraçılar və Səmərələşdiricilər Cəmiyyətinə dəvət elədilər. Uzun müddət oranın sədri işlədi. Oradan sonra 1961-ci ildə Mərkəzi Komitəyə apardılar. Orada bütün Azərbaycan üzrə neft sahəsinə nəzarət edirdi.
    Yadıma gəlir ki, işdən gələrkən sənədlər gətirib evdə işləyirdi. Çox savadlı insan idi. Neft sahəsinə aid Azərbaycan və rus dillərində kitablar yazmışdı.
  • Deyirsiz ki, müharibə haqqında danışmağı sevməzdi. Bəs işi ilə bağlı necə, heç danışardımı?
  • Biz o vaxtlar uşaq idik, yəni bizə aid mövzu deyildi. Bəlkə də anama bu barədə danışıb, nəsə deyib. Həm də sovet dövründə danışmağa icazə vermirdilər, bilirsiz hərşey qapalı idi.
    Atam evə bağlı adam idi, işdən sonra ev gələrdi, vaxtını ailəsi ilə keçirərdi. Ailədə bir adət formalaşmışdı, atam işdən evə gəlməyincə anam süfrəni açmazdı. Elə ki, atam işdən gec gəlirdi, onların iclasları çox olardı, bilirdi anam bizi də ac salxayacq, onda evə zəng edib anama deyirdi ki, iclasımız var, gec gələcəm, uşaqların yeməyini ver. Atam belə insanıydı. Bir də o dövrün insanları tamam başqa idi.
  • Deyirsiz işləri çox olardı, dərslərinizlə maraqlana bilirdimi?
  • Bəli, maraqlanırdı, özü də çox ciddiliklə. Hər gün işdən gələndən sonra, nə qədər yorğun olsa da dərslərimizi soruşardı. Mən böyük uşaq olduğuma görə, məni daha çox sıxardı. Sonralar rəhmətlik anam deyirdi atan səndən dərslərini soruşanda mən narahat olurdum ki, nəsə səhv olar atan da üstünə qışqırar. Dərslərimizə qarşı çox tələbkar və sərt idi. Anam arada atama deyərdi ay Məmməd, qızı çox sıxma. O da deyərdi ki, bu böyükdür, buna qarşı tələbkar olmasam o biriləri də bundan örnək alacaqlar. Demək olar ki, bütün fənləri gözəl bilirdi. Riyaziyyatdan çətin bir misal, ya məsələ olanda gözləyirdim atam işdən gəlsin, məni başa salsın. Olurdu ki, gec olurdu, mənə deyirdi sən get yat, səhər sənə başa salacam. Səhər durub onu başa salırdı, məsələ mənə aydın olandan sonra deyərdi yaz. Nə qədər çətin məsələ, misal olsa da sinif uşaqlarımız bilirdi ki, kim həll etməsə də, mən onları həll edəcəm. Bütün bunlar hamısı atamın dəstəyi ilə olmuşdu.
  • Fəridə xanım, evladlarından Məmməd müəllimin yolunu davam etdirən oldumu?
  • Mən neft sahəsi olmasa da, “AZİ”ni bitirmişəm, 1978-ci ildən indiyə kimi də orada işləyirəm, dosent, kimyaçı texnoloqam.
  • Atanız Cümhuriyyət dövründə anadan olub. O dövrlə bağlı nələrsə danışıbmı, ananıza nəsə deyibmi, məlumatınız varmı?
  • O barədə heç nə eşitməmişəm. Sizə başqa bir şey deyim. Atamgil əslən Naxçıvanın Xok kəndindəndir. Babam Sultanov Xəlil Məmməd oğlu bəy oğlu olub. O, 1885-ci ildə Naxçıvanda anadan olub. Babam 1911-ci ildə İmperator II Nikolay adına Varşava Polotexnik Universitetində mühəndis-texnoloq istixasına yiyələnib. Sonra gəlib burada 1927-ci ildə Universitetin tibb fakültəsini bitirib. Babam evlənməmişdən öncə 1919-cu ildə böyük məbləğdə qızıla İçərişəhərdə iki mərtəbəli bir mülk alır. Həmin mülkün “kupça”sı, notariusda alqı-satqı müqaviləsi durur. Orada hər şey yazılıb. Həmin mülk indi də durur. Üzərində tarixi abidə olduğuna dair löbhə vurulub. Atamgil altı uşaq olublar. Onların böyüyü atam olub. Babam mühəndis olsa da, ancaq ikinci ixstisasını seçib, həkim kimi fəaliyyət göstərib.
  • Xəlil babanızın atasının adı nə olub?
  • Sultanov Məmməd Xəlil oğlu. 1917-ci il inqilabından əvvəl Bakı şəhər polis rəsi işləyib. Çar polisi olub. Ağ polis formasında şəklini görümüşəm. Çox dövlətli olublar. Ancaq sonradan müflisləşiblər. Babam 1945-ci ildə rəhmətə gedib.
  • Babanızın əsli-nəsli bəy olduğuna görə sovet hökuməti onları incidib?
    -Yox, hər hansı bir şey olmayıb. Düşünürəm ki, siyasətlə məşğul olmadıqlarına görə dəyməyiblər. Nənəm danışırdı ki, babam o qədər ürəyi yumşaq adam olub ki, yanına xəstə gələndə əyin-başlarından onların durumunu bilirdi ki, dərman ala bilməyəcək, resepti yazıb, içərisinə də pul qoyurmuş ki, dərmanını alsın.
  • Babanızın atası, yəni Sultanov Məmməd Xəlil oğlu Bakı şəhər polisinin rəsi işləyib. Bəs Cümhuriyyət dövründəki fəaliyyəti haqqında nəsə bilirsiz?
  • Xeyir, onunla bağlı hər hansı məlumatım yoxdur, heç nə eşitməmişəm. Eşitdiklərimdən bilirəm ki, babam çox mülayim adam olub, sənətini, işini çox sevib.
  • Atanız xaraktercə necə insan idi?
  • Çox zarafatcıl insan idi, o qədər incə yumorları vardı. Sonradan bildik ki, atam bunları bizim üçün edirmiş ki, könlümüz açılsın. Bəzən bizim başa düşəcəyimiz bir formada özündən lətifələr qoşardı. Biz üç bacı olmuşuq. Üçümüz də həm orta məktəbi, həm də ali məktəbi çox yaxşı bitirmişik. Çünki atam bizim dərslərimizə çox önəm verirdi. Dünyasını dəyişdikdən sonra biz eyni qayda ilə dərslərimizə davam etdik. Atam deyərdi ki, bir qızımı on oğlana dəyişmərəm. Yaxşı şahmat oynayardı, gözəl musiqi duyumu vardı. Qonaq qəbul etməyi sevərdi. Şağanda bağımız vardı, orada bir günümüz boş keçməzdi, həmişə qonağımız olardı.
  • Sizə gələn qonaqların içərisində dövrünə görə tanınmışlar vardımı?
  • Mərkəzi Komitədə işləyərkən tanınmış iş yoldaşları vardı. Ancaq atam iş yoldaşlarını evə dəvət etməyi sevməzdi. Qohum-əqrabalar üçün ürəyi gedərdi. Anamın qohumlarından akademik Qədir Sultanov, Əlyazmalar İnstitutunun ilk direktoru Məmmədağa Sultanov və uzun illər Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Rəhim Sultanovla dostluq edərdi. Çox savadlı, təvazökar və mədəni insan idi, dünyagörüşlü insanlarla oturub-durmağı sevərdi. Ata rəhmətə gedəndən sonra anam danışardı ki, atanız bir dəfə də olsun mənə səsini qaldırmamışdı, mənə “sənə nə var” deməmişdi. Biz böyüyəndən sonra danışırdı anam bunları bizə.
  • Fəridə xanım, şəkillərin içərisində atanızın ailə üzvləri ilə şəklini görmədim.
  • Atamın nə anamla, nə bizimlə, nə də bacıları ilə şəkli yoxdur. Ailə üzvləri və yaxınları ilə şəkil çəkdirməyi sevməzdi. Deyirdi ki, kiminlə şəkil çəkdirmişəm, hamısını itirmişəm. Belə bir inancı vardı.
    Bir şeyi qeyd edim ki, mənim 17 yaşım olanda atam rəhmətə gedib — 1967-ci il oktyabrın 16-da 48 yaşında. Atam rəhmətə gedəndən sonra da biz daim onun dəstəyini hiss etmişik. Bacılarımla mən institutu bitirənə kimi atama görə xüsusi təqaüd almışıq. Sonralar müharibə iştirakçılarının ailələrinə xüsusi təqaüd verdilər. Bundan başqa qələbənin 75 illiyi münasibəti ilə müharibə iştirakçılarının evladları üçün vergini azaldıblar. Bunu da atama görə ediblər. Yəni deməyim odur ki, atam rəhmətə gedəndən sonra da bizə kömək olub, onun dəstəyini indi də hiss edirəm.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *