Fatma Yıldırım: Azərbaycan azad iqtisadi zonaların, silikon vadilərinin yaradılması istiqamətində nüfuzlu beynəlxalq şirkətlərlə əməkdaşlıq edir

Azərbaycan azad iqtisadi zonaların, silikon vadilərinin yaradılması istiqamətində nüfuzlu beynəlxalq şirkətlərlə əməkdaşlıq edir

“Azərbaycan hazırda innovativ yanaşmalar əsasında iqtisadi inkişafa nail olmaq üçün innovasiya strategiyası üzərində işləyir. Müasir və yüksək texnologiyalar sahəsində dünyanın nüfuzlu şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu sırada dünyanın ən iri şirkətlərindən biri olan “Microsoft”la əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”. Milli Məclisin deputatı Fatma Yıldırım bildirib ki, iyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə şirkətin rəhbər heyəti arasında keçirilən görüşlərdə də müasir inonvativ layihələrin, startupların həyata keçirilməsi istiqamətində səmərəli əməkdaşlıq imkanları müzakirə olundu. “Microsoft” şirkətinin rəhbərliyi Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini və regionda innovasiyaların mərkəzi olmaqda qətiyyət nümayiş etdirən Azərbaycanla müasir innovasiyalar, süni intellekti, insan resurslarının məhsuldarlığını artıran yeni texnologiyaların tətbiqində faydalı əməkdaşlığa hazır olduğunu xatırlatdı”.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə son illərdə ölkəmizdə iqtisadiyyatın innovativ inkişafı, o cümlədən rəqəmsal həllərin, 4-cü sənaye inqilabının meyarlarına uyğun olaraq yüksək texnoloji yeniliklərin tətbiqi ilə bağlı uğurlu addımlar atılmaqdadır. İqtisadiyyatın şaxələndirilməsinin təmin edilməsi istiqamətində bu sahəyə böyük kapital yatırımı olmuşdur. “Cənubi Qafqaz regionunun iqtisadi lokomotivi hesab edilən Azərbaycanda innovativ iqtisadi inkişaf modelinə uyğun olaraq insan kapitalına əsaslanan elmi və texnoloji inkişaf hədəfləri müəyyən edilib. Bu hədəflərin təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır. Dövlət başçısı dünyanın ən nüfuzlu İT şirkətləri, rəqəmsal texnologiyalar üzrə nəhəngləri, xüsusilə də, “Microsoft” şirkəti ilə bu istiqamətdə möhkəm əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. Cənab Prezident məhz bu məqsədlə vurğulayır ki, Azərbaycan 4-cü sənaye inqilabında lider olmalıdır”.

F.Yıldırım qeyd edib ki, hazırda Azərbaycan “Microsoft” şirkəti və digər nüfuzlu dünya təşkilatları ilə azad iqtisadi zonaların, startupların, rəqəmsal tranzitlərin gerçəkləşməsi istiqamətində səylərini artırıb. Әlət azad iqtisadi zonasının yaradılması bu uğurlu siyasətin məntiqi nəticəsidir. “Xarici investorların xüsusi marağında olan bu iqtisadi modeli tətbiq etməklə Azərbaycan yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafına cəlb edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılıması, yeni səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsinə güclü zəmin yaratmaqdadır”.

Millət vəkili hazırda ölkəmizin beynəlxalq təcrübədə geniş yer tutan digər xüsusi iqtisadi zonalar, slikon vadilərinin yaradılması istiqamətində də işlər apardığını diqqətə çatdırıb: “Microsoft” şirkətinin rəhbərliyi ilə görüşdə Azərbaycanda da Silikon Vadisinin yaradılmasına toxunuldu. Daha üstün model kimi Abşeron Vadisinin yaradılması xatırladıldı, çünki bu ərazidə bütün imkan və böyük potensiallar var. Bu layihələrin həyata keçirilməsi isə Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirəcək, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirəcək, dövlətimizin siyasi və strateji əhəmiyyətini artıracaq”.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *